27
Avqust 2024
Respublika Talassemiya mərkəzi postsovet məkanında ilk dəfə olaraq oraqvari hüceyrəli anemiyadan əziyyət çəkən pasiyentdə eritrosit mübadiləsi (RBCx) prosedurunu həyata keçirmişdir.
Respublika Talassemiya mərkəzi 31 oktyabr tarixində həkimlər qrupu, icraçı direktor Valeh Hüseynovun rəhbərliyi ilə postsovet məkanında ilk dəfə olaraq oraqvari hüceyrəli anemiyadan əziyyət çəkən pasiyentdə eritrosit mübadiləsi (RBCx) prosedurunu həyata keçirmişdir.
Valeh Hüseynov bildirib ki, müasir tibbdə oraqvari hüceyrəli anemiyanın müalicəsində ümumi qəbul olunmuş üsullarla yanaşı yerli innovativ metodlar da mövcuddur. Onun sözlərinə görə, bu gün Spectra Optia cihazında Terumo Blood and Cell Technologies şirkətinin Yapon texnologiyası sayəsində Azərbaycanda ilk dəfə bu prosedur icra olunmuşdur. Əvvəllər bu proses 3–4 gün çəkirdi, lakin indi proqram təminatının nəzarəti altında 54 dəqiqəyə yerinə yetirilib.
Prosedur 14 yaşlı Mikayıl İsrafilov üzərində aparılıb. Pasiyentdə transfuziya fonunda dövri olaraq vəziyyətin pisləşməsi, apatiya, ürəkbulanma və sinə və bel ağrıları müşahidə olunmuşdur. Mərkəzə daxil olarkən onun ümumi vəziyyəti ağır qiymətləndirilib.
Prosedurdan əvvəl göstəricilər:
HbA2 – 5.3%, HbF – 19.7%, HbS – 64.5%, hemoglobin – 9.3 g/dl, hematokrit – 29.
Prosedurdan sonra göstəricilər:
HbA2 – 4.1%, HbF – 12.1%, HbS – 33.9%, hemoglobin – 11.3 g/dl, hematokrit – 33.4.
Ən mühüm göstərici olan HbS təxminən iki dəfə azalmışdır.
Prosedurun həyata keçirilməsi üçün Terumo Blood and Cell Technologies şirkətindən mütəxəssislər dəvət olunmuşdur. Tədbirdə müxtəlif ölkələrdən ekspertlər iştirak etmiş, RBCx prosedurunun tətbiqi və nəticələri müzakirə olunmuşdur.
Respublika Talassemiya mərkəzi Azərbaycanda talassemiya ilə mübarizə sahəsində innovativ elmi-tibbi mərkəz kimi fəaliyyət göstərir və qan xəstəliklərinin müalicəsində yeni texnologiyaların tətbiqini davam etdirir.